25/02/2022
Zəngəzur dəhlizi.
Rusiya dövləti ilə imzalanmış müttəfiqlik bəyannaməsi Zəngəzur nəqliyyat dəhlizinin əhəmiyyətini daha da artıracaqdır.
44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərdən sonra Cənubi Qafqaz regionunun iqtisadi-siyasi və strateji mənzərəsində ciddi dəyişiklikə yaranmışdır. Azərbaycan Respublikasının müharibədə inamlı qələbəsi, öz tarixi torpaqlarını işğaldan azad etməsi regionda qarşılıqlı əməkdaşlıq, Cənubi Qafqazın strateji əhəmiyyətinin artması üçün geniş imkanlar yaradıb.
Zəngəzur dəhlizi ilk növbədə Türkjiyə, Rusiya, Orta Asiya, Azərbaycan və Ermənistanın dünya bazarına çıxışında mühüm sosial-iqtisadi, siyasi və geostrateji əhəmiyyətə malik bir dəhlizdir. Bu dəhliz Rusiya, Azərbaycan, Türkiyə və Ermənistan arasında dəmir yolu şəbəkəsini genişləndirmək imkanı yaradaraq və regionun ticarət fəaliyyətinə, regionda ticarət dövriyyəsinin artımına, region ölkələri arasında, eləcə də bu ölkələrin digər dövlətlər ilə qarşılıqlı əməkdaşlığının inkişafına ciddi təkan verəcəkdir. Bütün bunlar həm də, müəllifi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev olan Zəngəzur dəhlizinə gələcəyin etibarlı barışıq (sülh) və iqtisadi inkişaf amili kimi yanaşmağa əsas verir.
Cənab Prezidentin sözləri ilə desək: “Bildiyiniz kimi, Ermənistan tərəfi bu Zəngəzur dəhlizi ifadəsinə çox böyük qısqanclıqla yanaşır. Bilmirəm, nəyə görə? Amma deyə bilərəm ki, bu terminin - təvazökarlıqdan uzaq olsa da, - müəllifi mənəm. ....Biz bu dəhlizə, sadəcə olaraq, dəmir yolu kimi baxmırıq. Çünki bu dəhlizdən həm dəmir yolu keçəcək, həm avtomobil yolu keçəcək". Bu ifadələr həm dəhlizin əhəmiyyətini ifadə edir, həm də onun hansı nəqliyyat növlərini əhatə edəcəyini bildirir.
Göründüyü kimi, müəllifi cənab Prezident olan Zəngəzur nəqliyyat dəhlizi perspektivdə müxtəlif nəqliyyat növlərini əhatə edəcək və digər beynəlxalq layihələrin mühüm tərkibinə çevriləcəkdir.
Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”də nəqliyyat dəhlizlərindən istifadə ilə bağlı uzunmüddətli perspektivlər vəd edir.
Dövlət başçısı cənab İlham Əliyevin “Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə verib. Hazırda biz Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışırıq. Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək. Mən Asiya və Sakit okean hövzəsindən olan tərəfdaş ölkələri bu regional layihənin potensialını nəzərdən keçirməyə dəvət edirəm” sözləri Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq nəqliyyat layihələrinin, o cümlədən Zəngəzur dəhlizinin əhəmiyyətini tam ifadə edir.
Təbii ki, bütün bunlar yerli və beynəlxalq daşçımaları həyata keçirən təsərrüfat subyektləri qarşısında da müəyyən vəzifələr yaradır. Artıq 11 ildir çevik və keyfiyyətli xidmətləri ilə beynəlxalq və yerli daşımalar bazarında xidmət edən “Kür Transportation” MMC-də, milli daşıyıcı kimi, beynəlxalq nəqliyyat dəhlizlərindən səmərəli istifadə olunmasında mümkün olanları edir. Fəaliyyətinin ilk 10 ilində milli daşıyıcının uzaq qərb dövlətlərində, Avropada, Orta Asiyada da nümayəndəliklərinin olması ölkəmizdə özəl sektorun inkişafı istiqamətində yaradılan əlverişli şəraitin bəhrəsi və peşəkar “Kür Transportation” MMC kollektivinin zəhmətinin nəticəsidir.
Milli daşıyıcı kimi, cənab Prezidentin çağırışına qoşularaq, bundan sonra da ölkəmizin nəqliyyat-tranzit potensialından səmərəli istifadə istiqamətində fəaliyyətimizi davam etdirəcəyik.
KUR Transportation MMC-nin
Baş Direktoru
Əhməd Nəsirov