Bozlu kənd İcra Nümayəndəliyi

Bozlu kənd İcra Nümayəndəliyi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bozlu kənd İcra Nümayəndəliyi, Baku.

https://www.facebook.com/photo/?fbid=1390209259805737&set=a.286673920159282
02/06/2026

https://www.facebook.com/photo/?fbid=1390209259805737&set=a.286673920159282

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxış etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2026-cı il 1 iyun tarixində Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak etmişdir. Mərasimdə çıxış edən dövlətimizin başçısı Xəzər Neft və Qaz Sərgisinin müasir Azərbaycanın enerji inkişafının bünövrəsini qoyduğunu diqqətə çatdıraraq qeyd etdi ki, vaxt ötdükcə o dəyişdi, daha böyük vüsət aldı və hazırda çoxsaylı tədbirlər və xeyli faydalı mərasimlərlə yadda qalan “Bakı Enerji Həftəsi” adlanır. Dünyanın ən iri qaz yataqlarına aid “Şahdəniz” müqaviləsi dəqiqliklə 30 il əvvəl, 1996-cı ilin iyununda imzalanıb. Beləliklə, sayı artan ölkələrin enerji təhlükəsizliyinə töhfə verən Azərbaycanın müasir qaz hasilatında yeni səhifə açıldı. Bu tədbirin əhəmiyyəti, həmçinin ABŞ Prezidenti Donald Trampın nəzakətli məktubunda əks olunub. “Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir. Mən nəzakətli məktubuna görə Prezident Trampa çox minnətdaram və həmçinin tədbirə məktub göndərmiş Türkiyə Prezidenti Ərdoğana və Birləşmiş Krallığın Baş naziri Starmerə təşəkkürümü bildirirəm. Enerji məsələsini yenidən normal məcraya qaytardığına görə Prezident Trampa daha bir təşəkkür düşür. Hamımız bilirik ki, uzun illər neft və qaz hasilatı ilə məşğul olan ölkələr və şirkətlərə damğa vurulurdu, bəzən qarayaxma obyektinə çevrilirdilər, planetin dağıdılmasında ittiham olunurdular. Hər hansı əsas olmadan, ictimai rəylə küncə sıxışdırılırdılar. Prezident Tramp bu trendi dəyişdi və bu, həqiqətən əla hadisə oldu, çünki hamımız bilirik ki, hətta bəzi iri neft şirkətləri dırnaqarası müasir trendə uyğun olmaq xatirinə öz adlarını dəyişirdilər. Lakin reallıq tamamilə fərqlidir. Dünya faydalı qazıntı olmadan yaşaya bilməz. Hamımız daha yaxşı iqlimi, planetin qorunmasını istəyirik. Lakin bu gün biz praqmatik olmalıyıq, enerji təhlükəsizliyi və həmçinin bərpaolunan enerjiyə sərmayə yatırmaqla yanaşı, öz gələcəyimizi planlaşdırmalıyıq. Düşünürəm, irəliyə doğru aparan yol belədir! Hesab edirəm ki, hazırda qlobal enerji səhnəsində baş verən hallar ABŞ Prezidentinin çox müdrik və praqmatik siyasəti sayəsində ərsəyə gəlmişdir. Hamımız ona bir daha minnətdarıq. Ölkələr neft və qazın mövcud olmasına görə günahlandırılmalı deyil, çünki neft və qaz digər adi əmtəə kimidir. Hər bir ölkə torpağının təkində və ya dənizinin dibində olanı öz inkişafı üçün istifadə edir. Öz müstəqilliyinin əvvəlində Azərbaycanda məhz belə hal idi. Neft və qaz bizim üçün müstəqil ölkə kimi yaşamağın yeganə yolu oldu. Beləliklə, ölkələr neftin olub-olmaması ilə deyil, gəlirlərdən necə istifadə etdiklərinə görə mühakimə edilməlidir. Diqqət yetirilməlidir ki, öz ölkəsinin inkişafı, xalqının daha yaxşı yaşayış şəraitinin təminatı, yaşıl gündəlik məsələlərinə enerjinin istehsalından əldə edilən vəsaitləri onlar necə sərmayə kimi yatırırlar. Düşünürəm ki, Azərbaycan çox bariz nümunədir. Bütün bunlar göstərir ki, ölkənizi beynəlxalq sərmayələrə açıq edəndə, milli maraqlara əsaslanan müdrik siyasət aparanda siz uğur qazanırsınız.
Heç kəsə sirr deyil ki, Azərbaycanın enerji inkişafı 1994-cü ildə başladı. Əgər 1994-cü ilə nəzər salsaq, keçmişdə Azərbaycanın çox ağır vəziyyətdə olduğunu görə bilərik. Ölkə iqtisadi baxımdan tam qarışıq, siyasi baxımdan qeyri-sabit idi. Ərazinin təxminən 20 faizi Ermənistanın işğalı altında idi. Bir milyon qaçqın var idi və həmin vaxt, bu, ola bilsin, adam başına düşən ən yüksək qaçqın sayı idi. Bizim heç bir vəsaitimiz yox idi. Elektrik enerjisini idxal edirdik. Biz hətta təbii qazı idxal edirdik. Yoxsulluq səviyyəsi 50 faizdən artıq idi. İşsizlik geniş yayılmışdı. Müstəqil ölkə kimi yaşamaq və irəliyə getməkdə bizim üçün yeganə yol sahib olduğumuz təbii sərvətlərdən istifadə idi. Azərbaycan ilk ölkə idi ki, Xəzərin ehtiyatlarını beynəlxalq neft şirkətlərinə açıq etdi. Həmin vaxtdan etibarən çox hadisələr oldu. Əgər bu gün biz Azərbaycana nəzər salsaq həmin transformasiyaya gəldikdə, bu sərvətlərdən necə istifadə etdiyimizə, onun yenidən sosial infrastruktura, təhsilə, səhiyyəyə, enerji sahəsinin inkişafına yatırdığımıza əsasən deyə bilərik ki, ölkələr necə inkişaf etməlidir və bu yol 1990-cı illərin əvvəlində üzləşdiyimiz eyni problemlərdən müəyyən dərəcədə əziyyət çəkən ölkələr üçün örnək olmalıdır. Bu gün Azərbaycanın iqtisadi fəaliyyəti çox müsbətdir. Aparıcı beynəlxalq reytinq agentliklərindəki reytinqimiz ildən-ilə artır. Hazırkı vəziyyətə görə bizim artıq investisiya dərəcəli reytinqimiz var. Yoxsulluq səviyyəsi 5 faizə enib, işsizlik də təqribən eyni rəqəm səviyyəsindədir. Biz xarici borcumuzu əhəmiyyətli dərəcədə azalda bildik. Başlanğıcda biz borc götürmək məcburiyyətində idik, lakin sonra strategiyamız borc götürməyi dayandırmaq və borcları ödəmək oldu ki, biz istənilən beynəlxalq maliyyə institutundan asılı olmayaq. Bu gün bizim xarici borcumuz dünyada ən aşağı xarici borclardandır və o, təqribən ümumi daxili məhsulun 6 faizindən çoxdur. Biz ehtiyatlarımızı Dövlət Neft Fondu və Mərkəzi Bankda topladıq. Beləliklə, ehtiyatlarımız xarici borcu 18 dəfədən çox üstələyir. Bütün bunlar birinci növbədə bizim təbii sərvətlərimizdən düzgün istifadə etdiyimizə görə baş verdi. Biz həm investorlara, həm də ev sahibi ölkəsinə qazanc gətirən vəziyyəti yaratdıq. Biz milli maraqlar üzərində dayanan çox praqmatik siyasət həyata keçirtdik və işimizə müdaxilə etmək, bizə p*s məsləhət vermək istəyənlərə qulaq asmadıq. Biz hər bir işi strategiyamız əsasında etdik. Bütün taktiki gedişlərimiz həmin strategiyaya əsaslanırdı.
44 günlük şanlı Qələbəmizdən də qürurla söhbət açan Prezident İlham Əliyev qeyd etdi ki, 30 il ərzində işğal altında qalmış torpaqlarımızı azad edən güclü ordu qurduq. Biz cəmi 44 gün ərzində Ermənistanı tamamilə məğlub etdik və kapitulyasiya aktını imzalamağa məcbur etdik. Əlbəttə ki, müharibədə qələbə dedikdə, sadəcə, pul və hətta silahlar nəzərdə tutulmur. Söhbət döyüş ruhundan gedir. Lakin gəlin etiraf edək, ordunu qurmaq üçün pulumuz olmasaydı, yəqin ki, bu gün hələ də torpaqlarımız işğal altında olardı. Beləliklə, Azərbaycanın inkişafı, - istər sosial, iqtisadi, hərbi, istərsə də xarici siyasət olsun, - bütün bunlar onu nümayiş etdirir ki, təbii sərvətlərdən düzgün istifadə olunan zaman onlar bir çox üstünlüklərə yol aça bilər.
Enerji təhlükəsizliyinə məsələsinə gəlincə, biz hamımız ondan danışırıq, xüsusilə indi Yaxın Şərqdəki böhran bir çox ölkələrin, istehsalçı və istehlakçıların enerji təhlükəsizliyinə ciddi zərbə vurduğu vaxtda. Biz bunun üzərində uzun illər çalışmışıq. Biz böyük sərmayələr yatırmışıq və Xəzər dənizini Aralıq dənizi ilə ilk dəfə birləşdirən Bakı-Tbilisi-Ceyhan, Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəmərləri kimi irimiqyaslı infrastruktur layihələrinə başlamışıq. Cənubi Qafqaz qaz kəməri ilə günümüzün ən iddialı enerji infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizini təşkil edən TANAP və TAP, Trans-Anadolu və Trans-Adriatik qaz kəmərləri 3500 kilometr uzunluğunda birləşmiş boru xətti sistemindən ibarətdir. Layihənin bir hissəsi yüksək dağlıq ərazidən keçir, bir hissəsi isə dənizin dibi ilə gedir. Bu gün bu layihə sayı artmaqda olan ölkələrin enerji təhlükəsizliyini təmin edir. Biz bu layihəyə başladıq və bizimlə birlikdə olan tərəfdaş ölkələrə və şirkətlərə minnətdarıq. Bu gün Avropa enerji bazarının Cənub Qaz Dəhlizi olmadan necə olacağını təsəvvür etmək çətindir. Qeyd etdiyim kimi, biz sayı artmaqda olan ölkələri qazla təchiz edirik. Keçən il burada – “Bakı Enerji Həftəsi”ndə mən auditoriyaya məlumat verdim ki, Azərbaycan qazını 12 ölkə alır. Bu gün onların sayı 16-dır və onlardan 10-u Avropa İttifaqına üzv olan ölkələrdir. Bu ölkələrin sayı, əlbəttə ki, artacaqdır. Boru xətti ilə qazın müxtəlif ölkələrə nəql edilməsi, ərazi və coğrafiya kimi parametrlərə baxsanız görərsiniz ki, biz dünyada birinciyik. Biz qaz təchizatımızı artıracağıq. Yeri gəlmişkən, bu gün bizdə bir neçə sənədin imzalanma mərasimi olacaq. Mən xüsusilə “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsini vurğulamaq istəyirəm, biz bunu belə adlandırırıq. Bu layihə üzrə Abşeron yatağı və bir çox digər yataqlarla yanaşı, əlavə qaz hasil ediləcəkdir. Beləliklə, bizim qlobal enerji təhlükəsizliyinə töhfəmiz, əlbəttə ki, artacaqdır. Düzgün enerji siyasəti bizə Azərbaycandan xaricə sərmayə yatırmağa imkan verdi. Otuz il bundan əvvəl biz investorları cəlb edirdik. İndi isə öz investisiyalarımızla xaricə çıxırıq. Bu gün Dövlət Neft Şirkəti – SOCAR Yaxın Şərq, Afrika və Mərkəzi Asiyaya investisiya yatırır və bu coğrafiya daha da genişlənəcək. Biz Xəzər dənizinin şərq sahillərində yerləşən dost və tərəfdaşlarımız üçün mühüm tranzit imkanları təqdim edirik. Mərkəzi Asiyadan hasil olunan neft Azərbaycan ərazisindən keçərək beynəlxalq bazarlara çıxarılır. Ümid edirəm ki, yaxın gələcəkdə təbii qazla bağlı da eyni sözləri deyə biləcəyik.
Bundan başqa, biz emal sənayesində yüksək dərəcədə şaxələndirilmiş imkanlar yaratmışıq. Bu gün SOCAR-ın neft emalı gücü 30 milyon tondan artıqdır. Bu yaxınlarda “ItalianaPetroli”nin satın alınması nəticəsində Aralıq dənizi hövzəsindəki emal gücümüz 13 milyon tondan 23 milyon tona yüksəlmişdir. Beləliklə, biz yalnız neft və qaz deyil, həm də neft məhsullarını təchiz edirik. Bununla yanaşı, elektrik enerjisi, neft-kimya məhsulları və bərpaolunan enerji sahəsində də ixrac imkanlarımız mövcuddur. Bu istiqamət fəaliyyətimizin əsas prioritetlərindən biridir. Artıq qeyd etdiyim kimi, ölkələr sahib olduqları neft ehtiyatlarına əsasən deyil, həmin resurslardan əldə olunan gəlirləri necə idarə etdiklərinə və bərpaolunan enerjiyə necə sərmayə yatırdıqlarına görə qiymətləndirilməlidirlər. Mövcud qaz ehtiyatlarımız ən azı növbəti yüz il ərzində həm ölkəmizin, həm də tərəfdaşlarımızın tələbatını ödəməyə kifayət edəcəkdir. Əslində, bu ehtiyatlar nəzərə alındıqda, elektrik enerjisinin istehsalı üçün əlavə mənbələrə ehtiyacımız olmazdı. Lakin məsuliyyətimiz bizdən bərpaolunan enerji mənbələrinə sərmayə yatırmağı tələb edir. Biz bunu edirik. Tərəfdaşlarımızla birlikdə investorlar üçün olduqca əlverişli şərait yaratmışıq. Bu şərait mahiyyət etibarilə ötən əsrin 90-cı illərinin əvvəllərində neft şirkətləri üçün yaradılmış imkanlara bənzəyir. Bu gün eyni əməkdaşlıq ruhu və investisiyaya açıq yanaşma bərpaolunan enerji sektorunda fəaliyyət göstərən şirkətlərə də tətbiq olunur. Artıq bir sıra layihələrimiz istismar mərhələsindədir. Gələn ilin sonunadək Günəş və külək enerjisi üzrə ümumi gücümüz 2 giqavata çatacaq. 2032-ci ilin sonunadək isə bu göstərici 8 giqavat təşkil edəcək. Əgər fəal şəkildə inkişaf etdirdiyimiz hidroenerji potensialını da nəzərə alsaq, xüsusilə Qarabağda və Şərqi Zəngəzurda artıq 300 meqavatdan çox güc istifadəyə verilmişdir. Bu da ölkəmiz üçün əlavə enerji potensialı yaradır. Həmin potensial neft və qaz ixracımızı tamamlayan bir mənbəyə çevriləcəkdir.
Eyni zamanda bu gün biz tərəfdaşlarımızla enerji kabeli layihələri üzrə sıx əməkdaşlıq edirik.bTexniki-iqtisadi əsaslandırma mərhələsinin artıq yekunlaşmaq üzrə olduğu “Qara dəniz Enerji Kabeli” layihəsi Azərbaycanı Gürcüstan, Qara dəniz vasitəsilə Rumıniya, Macarıstan və digər ölkələrlə birləşdirəcək. Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan marşrutu üzrə quruda çəkiləcək elektrik kabeli layihəsi də hazırda icra mərhələsindədir. Bu yaxınlarda həmin ölkələrin hökumət nümayəndələrinin çox səmərəli görüşü keçirilmişdir. Biz, həmçinin Mərkəzi Asiyadakı tərəfdaşlarımızla birlikdə Xəzərin şərq sahillərindən Azərbaycana qədər uzanacaq yaşıl enerji kabeli layihəsi üzərində işləyirik. Beləliklə, söhbət geniş coğrafiyanı əhatə edən böyük əməkdaşlıq məkanından gedir və bu bağlılıq yalnız nəqliyyat sahəsi ilə məhdudlaşmır. Halbuki, nəqliyyat sahəsində əldə etdiyimiz nailiyyətlərlə də haqlı olaraq fəxr edə bilərik. Dəmir yolu və avtomobil yolu infrastrukturuna qoyduğumuz sərmayələr sayəsində yeni nəqliyyat dəhlizləri açmışıq və qitələri bir-biri ilə əlaqələndirmişik. Şübhəsiz ki, Şərq-Qərb dəhlizinin yeni qolu olacaq Zəngəzur dəhlizi də inşa ediləcəkdir. Bu, ötən il avqustun 8-də Ağ Evdə Amerika Birləşmiş Ştatlarının Prezidenti, Ermənistanın Baş naziri və mənim tərəfimdən imzalanmış sənədə əsaslanır. Bütün bunlar hamımız üçün böyük sərvətdir. Xüsusilə vurğulamaq istədiyim digər bir məsələ isə ondan ibarətdir ki, bütün bu nailiyyətlər yüksəksəviyyəli diplomatik fəaliyyət nəticəsində mümkün olmuşdur. Çünki Azərbaycan dənizə birbaşa çıxışı olmayan ölkədir. Bizim dünya okeanlarına çıxışımız yoxdur. Bu səbəbdən enerji resurslarımızı ixrac etmək üçün digər ölkələrin ərazisindən keçmək zərurəti yaranır. Buna nail olmaq üçün isə yalnız qonşularınızla deyil, qonşularınızın qonşuları ilə də yaxşı münasibətlər qurmalısınız. Biz buna nail olmuşuq.
Ölkə başçısı bildirdi ki, bu gün Cənub Qaz Dəhlizi və onun genişləndirilmiş marşrutları vasitəsilə Azərbaycanın qazı 16 ölkəyə çatdırılır. Bu ölkələrin hər biri ilə danışıqlar aparmışıq, sazişlər imzalamışıq, fikir ayrılıqlarını aradan qaldırmışıq və imzalanma mərasimləri təşkil etmişik. Nəticədə geniş mənada regional əməkdaşlığın çoxşaxəli və əhatəli formatı meydana gəlmişdir. Bu prosesdə aparıcı qüvvə yenə də Azərbaycan olmuşdur. Bu, bizim resurslarımız idi. Bu, bizim təşəbbüslərimiz idi. Əsas etibarilə, məhz bizim investisiyalarımız bu geniş əməkdaşlıq formatının yaranmasını təmin etmişdir. Əminəm ki, ənənəvi olaraq “Bakı Enerji Həftəsi” bu dəfə də uğurlu nəticələr verəcəkdir. Bir neçə dəqiqədən sonra bu nəticələrin bir qisminin şahidi olacağıq. Lakin əminəm ki, aparılan müzakirələr, təmaslar, yeni ideyalar və nəticəyönümlü planlar hamımız üçün faydalı olacaqdır.

Yusifov Elsevər Ülfət oğlu – Laçın RİHBA-da şöbə müdirinin müavini – sektor müdiri

Yüz səkkiz il bundan əvvəl-1918-ci il mayin 28- də Azerbaycan Xalq Cümhuriyyetinin yaradilması ölkemizin heyatina böyük ...
26/05/2026

Yüz səkkiz il bundan əvvəl-1918-ci il mayin 28- də Azerbaycan Xalq Cümhuriyyetinin yaradilması ölkemizin heyatina böyük tarixi hadise kimi daxil oldu.Müsteqil,azad,demokratik respublika qurmaq məqsədini qarşiya qoyan Azerbaycan Xalq Cümhuriyyeti cemi 23 aylıq fəaliyeti dövrunde xalqın milli mənlik şüurunu özünə qaytardı,onun öz müqədəratını teyin etmeye qadir oldugunu nümayiş etdirdi.
Yeni qurulan Azerbaycan Xalq Cümhuriyyeti öz üzrine götürdüyü çetin tarixi vəzifəni şərəflə yerine yetirdi.
Ümummilli Lider Heyder Əliyevin dogru siyasetini Möhterem Prezdent İlham Əliyev ugurla davam etdirir.Dövletimizin başçısının serencamları ile 2018 cı il ölkemizdə " Azerbaycan Xalq Cumhuriyyeti ili "elan olundu ve AXC-nin 100 illik yubleyi tenteneli şəkildə qeyd edildi.
Laçın Rayon İcra Hakimiyyəti başcisinin Bozlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Kamal Təhməzov

https://www.facebook.com/photo/?fbid=1383836670442996&set=a.286673920159282
26/05/2026

https://www.facebook.com/photo/?fbid=1383836670442996&set=a.286673920159282

Prezident İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə çıxış etmişdir

2026-cı il may ayının 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirədə geniş nitq söyləyəyn fövlət başçısı Kənd təsərrüfatı sahəsinə hər zaman çox böyük diqqət göstərildiyini diqqətə çatdıraraq bildirib ki, ilk dəfə prezident vəzifəsinə seçiləndən sonra 2004-cü ildə ilk təşəbbüslərimdən biri regional inkişaf proqramı idi və onun da tərkib hissəsi kənd təsərrüfatının inkişafı idi. 2004-cü ilin əvvəlində qəbul edilmiş birinci beşillik proqram bir çox məsələlərin həll edilməsinə kömək göstərdi və biz gördük ki, bu proqramın davamı olmalıdır. Ondan sonra bir neçə beşillik regional inkişaf proqramı qəbul edildi. Bütün regionlar canlandı, regionlarda məşğulluq artdı və böyük infrastruktur layihələri icra edildi. Bu gün bu layihələr olmadan Azərbaycanın ümumi inkişafını təsəvvür etmək mümkün deyil. O cümlədən kənd təsərrüfatının inkişafı üçün bu proqramda nəzərdə tutulmuş infrastruktur layihələri həlledici rol oynamışdı. Çünki o vaxt bölgələrdə demək olar ki, qaz təchizatı yox idi. Elektrik təchizatı ilə nəinki regionlarda, Bakıda böyük problemlər yaşanırdı, hətta böyük fasilələr olurdu. Avtomobil yolları yararsız vəziyyətdə idi. Su ilə təchizat demək olar ki, tamamilə tükənmişdi. Yəni kəndlərin dirçəldilməsi və kəndlərdə yaşayan insanların yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün bu proqramın həlledici rolu olmuşdu. O ildən bu yana bölgələrdə genişmiqyaslı infrastruktur layihələri icra edildi. Azad edilmiş torpaqları istisna etsək, bu gün ölkə üzrə qazlaşmanın səviyyəsi 96 faizdir. Elektrik təchizatı ilə heç bir yerdə heç bir problem yoxdur, nəinki özümüzü təmin edirik, hətta bizim böyük ixrac potensialımız yaradılmışdır. Bir çox magistral, şəhərlərarası və kənd yolları inşa edilmişdir. Böyük su anbarları inşa edilmişdir, ilk növbədə, Taxtakörpü, Şəmkirçay, Göytəpə və digərləri. Kanallar yenidən qurulmuşdur və bu proses davam etdirilir. Bir sözlə, bölgələrin və kənd təsərrüfatının inkişafı çox sürətlə getmişdir. Bunun nəticəsində bir çox istiqamətlər üzrə kənd təsərrüfatı məhsullarının istehsalında böyük artım olmuşdur. Onu da bildirməliyəm ki, bu illər ərzində bir neçə dövlət proqramı qəbul edilmişdir, üzümçülük, pambıqçılıq, fındıqçılıq, sitrusçuluq, digər istiqamətlər üzrə və bu sahələrə böyük təkan verilmişdir.
Ölkəmizdə Kənd təsərrüfatının inkişafı üçün subsidiyaların böyük əhəmiyyəti var. Onu da bildirməliyəm ki, Azərbaycan dünyada nadir ölkələrdəndir ki, genişmiqyaslı və çoxçeşidli subsidiya mexanizmlərini tətbiq edir. Düzdür, burada da təkmilləşmə üçün imkanlar var və bu edilməlidir. Bu barədə də danışılacaq. Müxtəlif güzəştlər verilir, o cümlədən gübrə, yanacaq güzəştləri. Deyə bilərəm ki, bu da dünyada nadir sayda olan ölkələrdə tətbiq edilir. Fermerlərə metodik tövsiyələr verilir və hər cür dəstək göstərilir, o cümlədən güzəştli kreditlərin verilməsi. Qeyd etmək lazımdır ki, bu gün də dövlət xətti ilə həyata keçirilən bir çox layihələr təbii ki, kənd təsərrüfatının inkişafına böyük təkan vermişdir. Məsələn, əgər pambıqçılığı götürsək, vaxtilə 70-80-ci illərdə pambıq istehsalı Azərbaycanda ildən-ilə artırdı, amma sonra müəyyən səbəblərə görə faktiki olaraq bu sahə əldən gedirdi. Həm məhsuldarlıq çox aşağı səviyyədə idi, təqribən hektardan maksimum bir ton, köhnə dillə desək 10 sentner. Azərbaycanda pambıq istehsalı 20 min tona düşmüşdü. Görülmüş tədbirlər, ildən-ilə aparılan islahatlar nəticəsində bu gün həm məhsuldarlıq, həm də istehsal artıb. Bu gün son nəticələrə görə 360 min tondan çox pambıq istehsal edilmişdi və pambıqçılıqda ixtisaslaşmış rayonlarda bunun kənddə yaşayan insanlar üçün çox böyük xeyri olmuşdur.Baramaçılıq faktiki olaraq əldən getmişdi. Görülmüş tədbirlər və dövlət dəstəyi nəticəsində biz baramaçılığı da bərpa etdik. Bununla bağlı olan ipəkçilik də inkişaf etməyə başlamışdı. Belə misallar çoxdur, yəni çox vaxt itirmək istəmirəm. Sadəcə olaraq, bildirməliyəm ki, bizim bir çox istiqamətlər üzrə nəzərdə tutduğumuz vəzifələr icra edildi. Ancaq buna baxmayaraq, son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir. Bir müddət bundan əvvəl Prezident Administrasiyasına, Hökumətə göstəriş verildi ki, kənd təsərrüfatının inkişafına dair yeni Dövlət Proqramı hazırlansın, qəbul edilsin, hərtərəfli, əhatəli olsun. Həm dövlət investisiyaları, həm özəl sektor tərəfindən cəlb ediləcək investisiyaları özündə ehtiva etməlidir. Proqram çox konkret və qısamüddətli olmalıdır. Bu gün müzakirə edəcəyimiz məsələlər bu proqramın qəbul edilməsi və icrası ilə bağlı olacaq. Mən əminəm ki, bu proqram icra ediləndən sonra bizim əsas hədəflərimiz tam yerinə yetiriləcəkdir.
Təəssüf ki, bu gün dünyada gedən meyillər kənd təsərrüfatının istehsalına da mənfi təsir göstərir. Müharibələr, münaqişələr, nəqliyyat zəncirlərinin qırılması, enerji sektorundakı böhran, yanacaqla bağlı olan müəyyən çətinliklər bir çox ənənəvi istehsalçıları çətin vəziyyətə qoymuşdur. Bunu nəzərə alaraq, əlbəttə ki, hər bir ölkə öz ərzaq təhlükəsizliyi haqqında düşünməlidir və konkret addımlar atmalıdır. Biz isə elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın. İkinci vacib amil, - bu yaxınlarda Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun müzakirələrində də bu öz əksini tapmışdır, - genişmiqyaslı urbanizasiya, yəni kəndlərdən şəhərlərə olan axın. Bu, təkcə ölkəmiz üçün deyil, bütün ölkələr üçün xas olan mənfi meyildir. Ancaq bəzi ölkələr, sadəcə olaraq, bu məsələnin həlli üçün imkan tapa bilmir, yaxud da ki, düzgün strategiya işləyə bilmirlər. Biz isə elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın. Bunun üçün də əlbəttə ki, kəndlə şəhər arasındakı istənilən istiqamətlər üzrə fərqlər azaldılmalıdır. Qeyd etdiyim Regional İnkişaf Proqramının və proqramlarının, - dediyim kimi, bir neçə proqram qəbul edilmişdir, - məqsədi də bu idi ki, bölgələrdə elə şərait yaradılmalıdır ki, insanlar orada yaşasınlar, qalsınlar, öz dədə-baba torpaqlarında çalışsınlar, ənənəvi fəaliyyətlə məşğul olsunlar, əkin, biçin, turizm imkanları. Yəni orada xidmət sektoru da yüksək səviyyədə olmalıdır.
Bundan əlavə, Regional İnkişaf proqramlarını icra etdikcə sosial infrastruktur layihələrini də uğurla icra etmişik. Bizim bütün rayon mərkəzlərində, şəhərlərdə müasir xəstəxanalar var, məktəb tikintisi geniş vüsət almışdır. Düzdür, hələ yararsız vəziyyətdə məktəblər var, amma onların sayı ildən-ilə azalır. Bizim 4 mindən çox məktəbimiz var, bəlkə də bir az az, bir az çox. Onların təqribən deyə bilərəm ki, 80-85, bəlkə də 90 faizi təmir edilib, nə qədər məktəb tikilib. Ona görə bölgələrdə məşğulluğu artırmaq və insanları torpağa daha bağlı etmək üçün biz kənd təsərrüfatının inkişafına yeni təkan verməliyik.
Ancaq bütün bunlarla yanaşı, son bir neçə il ərzində kənd təsərrüfatının inkişafında müşahidə edilən durğunluq, əlbəttə ki, bizi düşündürür və bu məqsədlə Dövlət Proqramı hazırlanıb və qəbul ediləcək. Bununla əlaqədar bəzi rəqəmləri səsləndirmək istərdim. Bu, xüsusilə özəl sektora göndərilən siqnal və mesaj olacaq. Çünki dövlət qurumları bu rəqəmləri bilirlər. Özəl sektor nümayəndələrinin də Dövlət Proqramının icrasında xüsusi rolu olmalıdır. Burada biznes nümayəndələrinin, əlbəttə ki, məsuliyyəti ön planda olmalıdır. Öz ölkələrinə olan bağlılıq və sərmayə qoyuluşu üçün daha münbit şərait olmalıdır. Əlbəttə ki, biz müxtəlif mexanizmlərdən də istifadə edəcəyik. Həm güzəştli kreditlər, həm digər alətlərdən istifadə etməliyik ki, Azərbaycan sahibkarlarının kənd təsərrüfatının inkişafına sərmayə qoymasına daha böyük həcmdə nail olaq. Biz xarici investorları da həm məlumatlandırmalıyıq, həm də təşviq etməliyik. Çünki bu gün bizim beynəlxalq əlaqələrimiz çox genişdir. Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı ildən-ilə artır. Bizim dünya miqyasında çox yüksək reputasiyamız var, çox müsbət imicimiz var. Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır və bir çox ölkələrin şirkətləri müxtəlif sahələrdə bizimlə əməkdaşlıq etmək istəyirlər. Biz, əlbəttə ki, bütün şirkətlərə, o cümlədən xarici investorlara qanun çərçivəsində lazımi şərait yaradırıq. Ancaq, eyni zamanda, biz xarici şirkətləri bizə lazım olan sahələrə cəlb etməliyik. Ona görə burada səsləndirəcəyim rəqəmlər həm yerli, həm xarici investorlara bir mesajdır. Beləliklə, bizim istehsalımızla bağlı özümüzü təminetmə əmsalı və bəzi rəqəmlər səsləndiriləcək. Buğda istehsalı. Biz cəmi 55 faiz səviyyəsində özümüzü buğda ilə təmin edirik və əfsuslar olsun ki, bu əmsal artmır. Biz elə yerində sayırıq. Neçə ildir ki, bizdə elə bu səviyyədə buğda istehsal olunur, baxmayaraq çox böyük təkan verilmişdir, bir çox aqroparklaryaradılmışdır. Aqroparkların yaradılması kənd təsərrüfatının inkişafında çox böyük rol oynamışdır. Buna baxmayaraq, buğda istehsalı və onun özünü təminetmə əmsalı bizdə artmır. Daxili istehsal 1 milyon 573 min ton, idxal 1 milyon 267 min ton. Bax, bu idxalı biz azaltmalıyıq. Təbii ki, bizim coğrafiyamızı nəzərə alaraq, əkin sahələrini nəzərə alaraq, digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsinin zəruriliyini nəzərə alaraq, biz hədəf qoymamalıyıq ki, 100 faiz özümüzü ərzaq buğdası ilə təmin edək. Ancaq hər halda 55 faiz qəbuledilməz rəqəmdir və bu, mütləq artmalıdır. Digər dənlilər üzrə vəziyyət prinsip etibarilə müsbətdir, özümüzü 95 faiz təmin edirik və idxal da çox cüzidir. Daxili istehsal 23 min ton, idxal 15 min ton. Yəni özümüzü təminetmə indeksi 63 faizdir. Kartof. Özümüzü 91 faiz təmin edirik, 160 min ton idxal edirik. Ancaq onu da bildirməliyəm ki, 71 min ton da ixrac edirik. Ona görə burada, yəni kəsir o qədər də böyük deyil. Kartof istehsalının artırılması üçün də imkanlar var və biz idxalı tamamilə aradan götürməliyik və həm özümüzü təmin etməliyik, eyni zamanda, daha böyük həcmdə ixrac etməliyik. Tərəvəz, bostan məhsulları, meyvə, giləmeyvə sahəsində vəziyyət isə müsbətdir. Özümüzü tərəvəz üzrə 107 faiz təmin edirik və 214 min ton ixrac edirik. Daxili istehsal isə 1 milyon 770 min tondur. Bostan məhsulları istehsalı 460 min ton, idxal demək olar ki, yoxdur. İxrac 18 min ton, 104 faiz. Meyvə, giləmeyvə. 140 faiz təminat, istehsal 1 milyon 400 min ton. Təbii ki, idxal da var. Çünki müxtəlif meyvələr var ki, onlar idxal olunur, bizdə yetişmir. Amma ixrac da kifayət qədər böyükdür, təqribən 600 min tona yaxın. Mən qeyd etdim ki, biz fındıqçılıq üzrə Dövlət Proqramı qəbul etdik. Ondan sonra fındıq bağları geniş vüsət almışdır. Bu gün biz qoz-fındıq istiqaməti üzrə 84 min ton məhsul yetişdiririk, 30 min ton da ixrac edirik. Yəni bu istiqamət üzrə biz dünyada 3-4-cü yerdə qərarlaşmışıq. Üzüm istehsalı. Özümüzü təminetmə əmsalı 92 faiz, istehsal 211 min ton, idxal 28 min ton, ixrac da var. İxrac da 10 min ton.
Ölkəmizdə ət istehsalına gəlincə, özümüzü mal əti ilə 84 faiz təmin edirik, 30 min ton idxal edilir, 150 min ton daxili istehsaldır. Quş əti. 82 faiz, 147 min ton istehsal, 32 min ton idxaldır. Qoyun-keçi əti. 94 faiz, istehsal 88, idxal 5 min ton. Yumurta. 2 milyard 340 min ədəd istehsal olunur, idxal yoxdur, ehtiyac yoxdur. İxrac isə 90 milyon ədəddir. Balıq və balıq məhsulları. 81 faiz təminatdır, 23 min ton idxaldır, ixrac 7 min ton. Bitki yağları. Özümüzü 52 faiz təmin edirik, idxal 62 min ton, istehsal 56 min ton. Kərə yağı. 62 faiz, istehsal 26 min ton, idxal 20 min ton, ixrac 4 min ton. Çay. 86 faiz, istehsal 11 min ton, idxal 2,5 min ton, ixrac min tona yaxın. Duz. Özümüzü təmin edirik, ixrac edirik 20 min ton, daxili istehsal 80 min ton. Un. 95 faiz, daxili istehsal 1 milyon 364 min ton, idxal 95 min ton, ixrac 28 min ton. Makaron məmulatları. Daxili istehsal 34 min ton, idxal 18 min ton, ixrac 14 min ton, ümumi təminat 89 faiz. Şəkər. Özümüzü 102 faiz təmin edirik və 96 min ton ixracımız var. Bu rəqəmləri mən qeyd etdiyim kimi, investorlar üçün səsləndirirəm və onları dəvət edirəm ki, bizdə bu gün idxal olunan məhsulların istehsalına onlar töhfə versinlər. Bəzi vəzifələrlə əlaqədar aşağıdakıları deyə bilərəm, ərzaq təhlükəsizliyi ilə əlaqədar artıq bildirildi. Burada təkcə müharibələr və nəqliyyat zəncirlərinin qırılması deyil, iqlim dəyişikliyi də rol oynayır. Bütün bunları biz də müşahidə edirik. May ayında Bakıda hər halda belə yağışın yağmasını mən xatırlamıram. Məndən yaşlı olan insanlar da yəqin ki, xatırlamır. Artıq bu, əfsuslar olsun ki, bəzən fəsadlar törədir. Amma digər tərəfdən, bizim su ehtiyatlarımızı da böyük dərəcədə artırır və bu gün anbarlarda yığılan su bizə imkan verəcək ki, kənd təsərrüfatı üçün bu il su problemi olmasın.
Daha bir mühüm məsələ isə torpaqlardan səmərəli istifadə olunmasıdır. Burada məqsəd məhsuldarlığı maksimum artırmaq və torpaqların dəqiq analizini aparmaqdır ki, hansı ərazidə hansı torpaq sahəsində hansı məhsulun yetişdirilməsi daha məqsədəuyğun ola bilər. Burada, əlbəttə ki, rayonlaşma məsələləri çox önəmlidir. Amma bilirəm ki, bəzi hallarda bir rayonda fərqli torpaq sahələrində torpağın keyfiyyəti də fərqlidir. Ona görə demək ki, filan rayonda ancaq bu məhsul yetişdirilsin, başqa məhsul yetişdirilməsin, düzgün olmaz. Təbii ki, hər bir sahə üzrə dəqiq analiz aparılarkən onun elektron versiyası, müxtəlif dəqiqləşdirmə üsulları, yeni texnologiyalardan istifadə edilməlidir, o cümlədən süni intellekt, peyk imkanları, yerlərdə aparılan tədqiqat. Ölkə ərazisi o qədər də böyük deyil. Ona görə bunu etmək çətin olmayacaq. Müəyyən işlər görülüb. Hər bir əkin üçün yararlı torpaq sahəsinin, necə deyərlər, öz pasportu olmalıdır. Orada hansı məhsul yetişdirilərsə fermer daha çox qazanc götürəcək, bu, birincisi. İkincisi, bizim ümumi kənd təsərrüfatının inkişafı və ixracı strategiyamızın əsasında bu olmalıdır. İxrac təbii ki, bazarlara bağlıdır. Bazarlar var ənənəvi, var yeni. Ona görə ənənəvi bazarlarda bizim məhsul nə vaxta qədər lazım olacaq? Bu təhlil də aparılmalıdır. Prinsipcə müvafiq göstərişlər verildi ki, tərəfdaş ölkələrlə bu məsələlər də müzakirə edilsin ki, biz tutaq ki, meyvə, tərəvəz, bostan məhsullarını böyük həcmdə ixrac edirik. Nə vaxta qədər buna tələbat olacaq bizim üçün ənənəvi sayılan bazarlarda? Çünki indi bir çox ölkələr ərzaq təhlükəsizliyi ilə məşğuldurlar. Düzdür, bəzi ölkələrdə iqlim imkan vermir ki, müxtəlif meyvələr yetişdirilsin. Ancaq hər halda bizim ixracımız bazarlara bağlı olmalıdır. Ona görə subsidiyalar veriləndə, əlbəttə, bu amillər nəzərə alınmalıdır - daxili tələbatın bağlanması və ixrac imkanlarının genişləndirilməsi. Yəni ona görə subsidiyalar da çox çevik olmalıdır. Bəlkə də hər il yenidən baxılmalıdır - həm rayonlar üzrə, həm yetişdirilən məhsul üzrə. Yəni bir dəfə bu məhsula bu qədər subsidiya veririk və 10 il bu davam edir, belə olmaz. Yəni bu, çox çevik mexanizm olmalıdır. Bu da təbii ki, bütün aidiyyəti qurumlar tərəfindən nəzərə alınmalıdır.
Eyni zamanda kənd təsərrüfatı texnikası ilə təminat sahəsində də çox böyük işlər görülmüşdür. Son 20 il ərzində biz faktiki olaraq öz texnika parkımızı tamamilə yenidən formalaşdırdıq. Köhnədən qalan texnikalar demək olar ki, artıq yoxdur və burada da dövlət fermerlər üçün kifayət qədər qəbul edilən şərtlər ortaya qoyub. O cümlədən indi biz özümüz də kənd təsərrüfatı texnikasını istehsal edirik və gələcəkdə bu istiqamətdə əlavə addımlar atılacaq. Həmçinin, biz indi Karbamid zavodunun fəaliyyəti nəticəsində nəinki özümüzü, hətta bir çox ölkələri azot gübrələri ilə təmin edirik. Ancaq bu, cəmi bir növ gübrədir. Bizə bir çox növ gübrələr lazımdır. Ona görə bəzi xarici şirkətlərlə indi bu məsələlər müzakirə edilir, Azərbaycanda qarışıq gübrə istehsalının yaradılması və gübrələrin fasiləsiz ölkəmizə idxal edilməsi. Çünki bu məsələlərdə də dünyada indi vəziyyət qeyri-müəyyəndir. Bəzi gübrə zavodları bağlanıb, çünki qazın qiyməti kəskin artanda gübrə istehsalı iqtisadi cəhətdən səmərəli olmur, müəyyən qıtlıq yaradılır. Ona görə, əlbəttə, praqmatizm nöqteyi-nəzərindən biz başa düşməliyik ki, biz bütün növ gübrələri istehsal edə bilməyəcəyik, ancaq hər halda onların çeşidlərini genişləndirməliyik. Kənd təsərrüfatı ilə məşğul olanlar üçün metodik tövsiyələr, treninqlər, bu, artıq uzun illərdir davam edir. Maarifləndirmə prosesi və sığorta məsələləri. Yəni bütün bunları biz daha da təkmil şəkildə həyata keçirməliyik.
Ölkə başçısı son illər ərzində Azərbaycanda 400 min ton tutumlu soyuducu anbarların yaradıldığını nəzərə çatdıraraq qeyd etdi ki, kənd təsərrüfatının inkişafı ilə əlaqədar birinci proqram qəbul ediləndə soyuducu anbarların yaradılması məsələsi çox kəskin dayanmışdı. Çünki bu olmadan məhsulu saxlamaq mümkün deyil. Deyə bilərəm ki, son illər ərzində Azərbaycanda 400 min ton tutumlu soyuducu anbarlar yaradılıb. İndi təsəvvür edin ki, bu olmasaydı. Burada da onların mütləq əksəriyyəti güzəştli, azfaizli kreditlər hesabına yaradılıb. Ancaq soyuducu anbarların tutumu bizdə 500 min ton olmalıdır. Ona görə 100 min ton tutumlu soyuducu anbar infrastrukturu yaradılmalıdır. Eyni zamanda su təchizatı çox önəmli məsələdir. Çünki, bunsuz kənd təsərrüfatının inkişafı mümkün deyil. Burada da qeyd etdiyim kimi, bir çox önəmli layihələr icra edildi. Su anbarları - Taxtakörpü, Şəmkirçay ən böyük su anbarlarıdır, Göytəpə su anbarı, digər su anbarları. İndi 10 su anbarının yenidən qurulması layihəsi icra edilir. Qarabağ və Şərqi Zəngəzur işğalçılardan azad ediləndən sonra dərhal orada su anbarlarının bərpasına başlamışıq və artıq Köndələnçay su anbarlarının sayı üç oldu. Xaçınçay, ondan sonra Suqovuşan, Sərsəng, Zabuxçay su anbarları yenidən quruldu. Sovet vaxtında yox idi, indi Bərgüşad və Həkəri su anbarlarının tikintisi işləri gedir. Qarabağda və Şərqi Zəngəzurda bizim 25 faiz su ehtiyatlarımız formalaşır. Onlardan səmərəli istifadə etmək, həm o bölgəni, həm digər bölgələri su ilə təmin etmək mümkün olacaq. Çünki vaxtilə Sərsəng və Suqovuşan su anbarları Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılanda məqsəd Qarabağın hüdudlarından kənarda olan 7-8 rayonu su ilə təmin etmək idi. O vaxt, işğaldan sonra ermənilər suyumuzu kəsmişdilər. İndi bir kanal fəaliyyətdədir. Digər kanalın tikintisi davam edir və beləliklə, 8 rayona, təqribən 100 min hektar torpağa su veriləcək. Şirvan kanalının tikintisinə gəlincə, onun tikintisinə biz beton kanal olaraq başlamışıq və yəqin ki, gələn il artıq istifadəyə veriləcək. Bu da böyük həcmdə torpaq sahələrini su ilə təmin edəcək. Bu barədə bu gün məruzə ediləcək. Bundan başqa, Biz Qarabağ kanalının bərpasına, yenidən qurulmasına başlamışıq. Vaxtilə bunlar Yuxarı Şirvan, Yuxarı Qarabağ kanalları adlandırılırdı. Amma Aşağı Şirvan, Aşağı Qarabağ kanalları olmadığı üçün biz qərara gəldik ki, bunları elə Şirvan və Qarabağ kanalları adlandıraq. Yəni bu kanallar işə düşəndən sonra bəlkə də 200-300 min hektar torpağa su veriləcək. Ancaq bu torpaqlarda müasir şəbəkə qurulmalıdır və bu da Dövlət Proqramında nəzərdə tutulur. Müasir suvarma sistemləri hazırda, - bu da dövlətin dəstəyi ilə mümkün olub, - 130 min hektarda tətbiq olunur. Məqsəd bunu 300 min hektara çatdırmaqdır. Əgər bizim 300 min hektarda müasir suvarma sistemləri qurularsa, baxın, nə qədər məhsuldarlıq arta bilər. Məhsuldarlığa gəldikdə, son illər ərzində burada artım var və biz bunu yüksək qiymətləndiririk. Misal üçün taxılçılıqda, bizdə bu gün hər hektardan 3,2 ton məhsul yığılır. Əvvəlki illərdə bu, təqribən 2 ton, bəlkə də bir qədər çox idi. Məqsəd bunu 5 tona çatdırmaqdır.
Pambıqçılıq sahəsində vəziyyətə nəzər salsaq bizdə hektardan məhsuldarlıq cəmi 1 ton idi, görülmüş işlər nəticəsində 3,6 tona çatıb. Bu da bütün dövrləri, hətta sovet dövrünü götürsək, ən yüksək nəticədir. Amma məqsəd hər hektardan ən azı 5 ton götürməkdir. Belə olan halda bizdə 100 min hektarda ki, pambıq əkilir, 500 min ton pambıq istehsal olunacaq. Əlbəttə ki, bunun ondan sonrakı emalı məsələlərinə də biz baxırıq. İplik, ondan sonra hazır məhsul - qarşıya məqsəd qoyulmalıdır ki, biz mahlıc ixrac etməyək, hazır məhsul istehsal edək, ixrac edək. Bu istiqamətdə artıq işlər görülür. Yeni fabriklər qurulmalıdır və mən investorları buna dəvət edirəm. Həmçinin, intensiv bağçılıqda da biz müsbət nəticələr görürük, o cümlədən azad edilmiş torpaqlarda. Ağalı kəndinin yaxınlığında salınmış meyvə bağı. Mən bu yaxınlarda Zəngilanda olarkən məlumat verildi ki, artıq oradan ixrac da olunur. Yəni intensiv bağçılıq, xüsusilə meyvə yetişdirilən bölgələrdə əsas prioritet olmalıdır və burada qarşıya məqsəd qoyulur ki, 20 min yeni hektarda intensiv bağçılıq səviyyəsində bağlar qurulsun. Bu gün bizim 1500 hektarı əhatə edən istixanalarımız var, 500 hektar əlavə olunmalıdır. Əlbəttə ki, biz burada da ilk növbədə, özəl sektorun fəaliyyətinə arxalanırıq.
Prezident İlham Əliyev ölkəmizdə ət, süd, quş əti istehsalında 100 faiz özümüzü təmin etməli olduğumuzun vacibliyini vurğulayaraq bildirdi ki, hazırda bu sahədə təminat təqribən 80-90 faiz səviyyəsindədir. Bunu 100 faizə çatdırmaq üçün mən hesab edirəm ki, imkanlar var və bu proqram qeyd etdiyim kimi, qısamüddətli olmalıdır, 2026-2030-cu illəri əhatə edəcək. Nəzərə alsaq ki, 2026-cı ilin demək olar ki, yarısı artıq arxada qalır, bu proqramın icrası üçün cəmi dörd il yarım qalır. Buna görə dövlət xətti ilə proqramın maliyyələşdirilməsi üçün vəsait bu il ayrılmalıdır. Hökumətə tapşırıram ki, vəsait tapılsın və özəl sektorla da müxtəlif qurumlar, təbii ki, Kənd Təsərrüfatı Nazirliyi, Hökumət, ondan sonra Prezident Administrasiyası, İqtisadiyyat Nazirliyi, digər qurumlar fəal işləməlidirlər. Təxmini hesablamalar aparılıb. Əlbəttə ki, indidən bunu demək çox çətindir. Amma təxmini hesablamalar göstərir ki, dövlət xətti ilə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün 2 milyard manatdan çox vəsait lazım olacaq, özəl sektorun payı isə təqribən 3 milyard manatdan çox olacaq. Çox böyük rəqəmdir. Xüsusilə nəzərə alsaq ki, cəmi dörd il yarım ərzində bunu biz həyata keçirməliyik, ona görə proqram qəbul ediləndən dərhal sonra biz işlərə başlamalıyıq.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il mayın 25-də “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi və bundan irəli gələrək bəzi məsələlərin tənzimlənməsi haqqında” imzaladığı Sərəncam ölkəmizdə bu sahədə yüksəksürətli və səmərəli inkişafa böyük töhfələr verəcəkdir. (https://azertag.az/xeber/azerbaycan_respublikasinda_kend_teserrufati_baliqchiliq_ve_akvakultura_mehsullarinin_istehsali_ve_emali_sahelerinin_inkisafina_dair_2026_2030_cu_iller_uchun_dovlet_proqraminin_tesdiq_edilmesi_ve_bundan_ireli_gelerek_bezi_meselelerin_tenzimlenmesi_haqqinda__azerbaycan_respublikasi_prezidentinin_serencami-4223691)

Bayramov Tahir Surxay oğlu – Laçın rayon Rabitə Qovşağının rəisi

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Bozlu kənd İcra Nümayəndəliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share